Rusiyanın Qarabağın dağlıq hissəsindəki sülhməramlı kontingentinin hərbi qulluqçuları qədim Xudavəng monastr kompleksində olub.
Teleqraf.com-a istinadən xəbər veririk ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumatda deyilir ki, ekskursiya zamanı Xudavəng iqumeni Ohanes Ovannisyan rus sülhməramlılarına monastrın XII-XIII əsrlərdəki tarixi haqqında məlumat verib.
“Bu gün, bu müqəddəs bazar günü Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları tarixi məkanı, Dadivank monastrını ziyarət ediblər. Biz əcdadlarımızın tarixinə toxunduq, insanların bu hadisəni necə qiymətləndirdiyini, bu gün də onu necə qiymətləndirdiyini gördük və evə çatan kimi mütləq uşaqlarımıza, nəvələrimizə və qohumlarımıza bu yer haqqında danışacağıq”, - Rusiya sülhməramlı qüvvələrinin sözçüsü Yuri Romanişin bildirib.
Rusiya Müdafiə Nazirliyinin mesajında deyilir ki, Xudavəng orta əsrlər Ermənistanın ən böyük monastr komplekslərindən biridir.
“Kompleks dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir. Monastr Ermənistanın qərb hissəsində xristianlığın təbliğçisi, apostol Faddeyanın şagirdi olmuş Müqəddəs Dadenin şərəfinə “Dadivank” adlandırılıb”, - deyə məlumatda bildirilir.
Rusiya sülhməramlıları Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən Kəlbəcər rayonunda yerləşən Xudavəng ərazisinə nəzarəti təmin edirlər.
Çap