“Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan bu gün parlamentdə 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndindən sitat gətirib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən həyata keçirilir. İndi sual yaranır: Bu, bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bəs nədir?” - deyə deputat bildirib.
Baş nazir Nikol Paşinyan sualı belə şərh edib:
“İlk növbədə, bu paraqrafı oxuyursunuzsa, digər yazılanları da oxuyun: Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açıqlacaq. İkincisi, nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirəcək. Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz hazırıq və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvan Respublikası ilə, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, İran və Rusiya ilə avtomobil və dəmir yolu əlaqəsi əldə etsin”, - deyə baş nazir bildirib.
O, əlavə edib ki, bütün bunlar Ermənistanın maraqlarına tam cavab verir. (OXU.AZ)
Çap