“Çox istəyərdim ki, qızım olsun. Yəqin ki, xasiyyətimə görə Allah da verməyib. Qız uşaqlarına qarşı hədsiz qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Bəlkə də qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də rəfiqələri ilə gedib gəzməsinə icazə verməzdim”.
Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Ay Zaur” proqramına qonaq olarkən deyib. Şəxsi həyatı barədə danışan Xalq artisti açıqlamaları ilə diqqət çəkib:
“Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə dəfələrlə mənə əl qaldırırdı. Bir şillə vururdu, günlərlə özümə gələ bilmirdim. Sonra erkən yaşda ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır.
Həyat yoldaşım toylarda oxumağa icazə versə də, efirə çıxmağıma qəti şəkildə etiraz edirdi. Universitetdə təhsil aldı, daha sonra mühəndis kimi çalışdı. Biz 13 il evli qaldıq, sonra dünyasını dəyişdi. İkinci dəfə ailə qurmaq istəməmişəm, bəlkə də Allah mənə öz ruzimi yetirdiyi üçün ehtiyac duymamışam”.
Çap