Səhraya su daşıyan keniyalı xeyirxah: O, susuz qalan aslanları ram etdi
Keniyalı bir zəncinin həyatından bəhs edən filmə baxdım. Nəql edim, siz də təsəvvürünüzdə həmin mənzərələri canlandırın. Görün ki, xeyirxahlıq nə qədər güclü bir şeydir. O qədər güclüdür ki, onunla yırtıcı heyvanları da ram etmək olur.
Keniya 50 milyon əhalisi olan zavallı bir Afrika ölkəsidir. Belə bir ölkənin sakini deyir ki, səhradan keçib, gedirdim. Gördüm ki, bir heyvan yerə sərilib. Susuzluqdan can verir. Evə döndüm, su götürüb, qayıtdim. Suyu içən heyvan özünə gəldi. Bir azdan gözümün qarşısında yenidən canlandı və qalxıb səhranın dərinliklərinə tərəf qaçdı.
Düşündüm ki, səhrada nə qədər heyvanlar susuzluqdan ölür. Onlara necə kömək edə biləcəyim haqqında xəyallara daldım.
Artıq 5 ildir ki, quraqlıq baş verən aylarda səhradakı gölməçəyə su maşını ilə su daşıyıram. Əvvəl istidən gölməçənin suyu quruyurdu. Susuz qalan heyvanlar ölürdülər. İndi isə quraqlıq düşən kimi həmin gölməçəyə su daşıyıram. Suyun buxarlanıb yox olmasına imkan vermirəm.
Başlanğıcda çox qorxurdum. Çünki su içməyə gələn heyvanların arasında yırtıcıları da az deyildi. Aslanların nəriltisindən elə hürkürdüm ki, bədənimdəki tüklər biz-biz dururdu. Ancaq elə bil ki, yırtıcı heyvanlar da başa düşdü ki, mən onların həyatını xilas etməyə çalışıram. Ona görə də mənə toxunmadılar.
Suyu bir az gecikdirəndə gəlib görürdüm ki, heyvanlar gölməçənin ətrafına toplaşıb mən gələn tərəfə boylanırlar. Onlar bilirlər ki, harada olsam da özümü onlara çatdıracam.
İnsanlıq belə Allah bəndələrinin çiynində dayanıb. Əminəm ki, Yaradanın nəzərində bu kasıb zənci dünyanın ən varlı və simic adamlarından son dərəcə üstündür. Çalışın, siz də xeyirxah əməllərinizlə Allahın nəzərində olun.(musavat.com)
Çap