Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-si saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, idarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və tanışı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Faktla əlaqədar Abşeron RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(musavat.com)
Çap