Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayətin təfərrüatının müəyyən edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.(report.az)
Çap