Menu
16 avq 22:43XƏBƏR LENTİ / Gündəm

Qərar verin: bozbaşını bişirsin, ya…?

Yenə sosial şəbəkə Belarus polisinə doğru qollarını açan, onu bağrına basıb öpən sarışın qızları müzakirə edir. Xüsusən də güclü cinsin nümayəndələri. Fürsətdən istifadə edib, bizim xanımlara da söz atırlar ki, baxın, demokratiyaya töhfə belə olar. Sonra bizim feministlərin fotolarını belarus xatunlarınkı ilə müqayisə edirlər.
Allah-insaf tərəfi, vizual baxımdan uduzmuş sayıla bilirək. Bizim feministlər sağ olsun, ya orta barmaqlarını göstərirlər polisə, ya meyxana deyircəsinə çırtıq çalırlar, ya da... Nəsə, estetik görünmürlər. Nəticədə məlum olur ki, sən demə, bizim torpaqlara da demokratiya gələcəkmiş, amma qadınlarımızın əlindəki çömçə-kəfkir buna imkan verməyib…

Amma bu dəfə üzrlü sayacaqsınız, bəylər.
Belarus qızlarının mütənasib bədənləri, uca boyları ilə işimiz yox, təbiət, genetika orada öz sözünü deyib. Mübarizlik məsələsində Azərbaycan qadını passivdirsə, ya da demokratiyaya arzulanan töhfələri verə bilməyibsə, dönüb bir zəhmət güzgüdə özünüzə baxacaqsınız. Bu ellərdə bir ailə oğluna qız almaq istəyəndə öncə onun ailəsinə, diplomuna və təbii ki, təmiz keçmişinə baxır. Diplom da bir çox hallarda qohum-əqrəba yanında “gəlinimiz filan yeri qurtarıb” öyünməsinə görə lazım olur. Ailənin ən ümdə məqsədi toydan ən geci bir il-il yarım sonra nəvə sahibi olmaqdır və hətta bununla bağlı basqı, psixoloji təzyiq də qaçılmazdır. Sonra ikinci nəvə, nəvələr qızdırsa, oğlan nəvəyə doğru əzmli cəhd tələbləri… Bu uşaqların böyüdülməsi, oxudulması, tələbəliyə doğru hazırlanması… Qadın bədbəxt gəlib çatdımı 45-50 yaşına? Bütün enerjisi, istəyi, gücü ailəyə yönlənmiş qadının cəmiyyətin formalaşmasında hansı iştirakı oldu? O dediyiniz proseslərdə iştirak etmək, siyasi aktiv olmaq üçün qadın saatını da, səfərini də, enerjisini də ancaq o işə görə ayarlamalıdır, əslində. Kimə elə limitsiz icazələr var bu ölkədə? Qadın bir gün toplantıdan axşam 9-da gələcək, bir həftə siyasi seminar üçün xarici ölkəyə səfər edəcək… Üçüncü gün qapını göstərəcəklər. “Yaxşı yol, ailəsinə faydalı olmayan qadın cəmiyyətə də faydalı ola bilməz” tipli tezisi də əldə bayraq edib, qadını haqsız çıxaracaqlar. Bu ölkədə qadına ailəsini onun neməti, qorumalı olduğu bir ləl-cəvahirat kimi yox, bir çox hallarda az qala ayağından asılan daş kimi təqdim edirlər. Elə bir hala gətirirlər. Halbuki qadın istəsə… eyni vaxtda həm ideal ev düzəni, həm parlaq karyeraya sahib ola bilər.
O gün Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verdi.
Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət cəmi 1 il azadlıqadan məhrum edildi. Ölkənin halı budur. Qadına, qadın hüququna verilən qiymət, qız uşağının istismarına verilən cəza bu qədərdir. Sabah da bir apellyasiya şikayəti veriləcək, 60 yaşlı cinsi xəstənin vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət olunacaq və adam azadlığa çıxacaq. Niyə təəccüblənirsiz? Adam oğruları, dövlət malı, pulu sümürənlər, rüşvətxorlar 3-4 ay həbsdə yatıb azadlığa çıxa bilirlərsə, 60 yaşlı pozğun müəllim niyə içəridə qalsın? Üstəlik, indi bütün cinayətkarların bir ümid yeri var. Onlar akif çovdarovları, əfqan nağıyevləri özlərinə örnək bilirlər. “Nə mümkündür edək, sonrası Allah kərimdir” ümidi ilə yola çıxırlar. Kimdən soruşsan, uşağının gələcəyi üçün edir. Kimdən soruşsan çörək pulu üçün çalışır. Amma məlum olur ki, adamların gözü çörəkdə yox, çörək sexi şəbəkələrindədir….
Hə, indi də gərgin pandemiya dönəmi yaşadıq. Məlum oldu ki, bu dönəmdə ailədə ən çox qadına şiddət faktı yaşanıb. Statistikada ailəiçi şiddət rəqəmləri tavana yüksəlib. Soruşsan, hamı ailəcanlıdır, hamı da həyat yoldaşı üçün canını verər. Amma evində ürəyi sıxılan, sərt karantin zamanı əsəbi pozulan hər bir kişi ilk olaraq hirsini qadından çıxdı. Ya uşaqların səsi xoşuna gəlmədi, ya çayın dəmi ürəyincə olmadı, ya da… Hər nə! Belə situasiyalarda səbəbə gərək yox ki, bəhanə bəsdir. Qadın qız uşağı doğar, özünü narahat hiss edər. Oğlan anası olan kimi ərinin ailəsi tərəfindən hədiyyə yağışına tutular. Oğlan doğana qədər hər hamiləliyində UZİ növbələrində ürək-göbəyini yeyər, abort masalarında o dünyanı görüb gələr. Bunlar bizim gerçəklərimizdir, heç kim üzünü turşutmasın.
Bu ölkə parlament seçkilərinin nəticəsindən narazı qalıb, məhkəməyə müraciət edən qadın namizədə hakim tərəfindən “get bozbaşını bişir, seçki sənin nəyinə?” cavabını eşitmiş ölkədir.
Siz nəyi qoyub, nəyi axtarırsız? Siz hansı mübarizlikdən danışırsız? O sözü deyən hakim əslində bir çox kişilərin daxili səsidir. Bəziləri ictimai qınaqdan qorxub, bunu çılpaq şəkildə bu cür səsləndirmir. Bəzisi isə hirsini boğa bilməyib, səsləndirir. Dəfələrlə yolda amansız tıxac yarananda, yol polisinə “bu yolu açın, evimizə gedək” deyən qadın sürücülərə “sizin ucbatınızdan yollar bu vəziyyətdədir. Hər qadın bir maşın alıb, düşüb küçəyə, buna yol dözər?” cavabı verilib. Canlı şahidlərik, canlı şahidlərimiz var. Bu düşüncə tərzi ilə siz bu qadınlardan hansı mübarizliyi, hansı mücadiləni gözləyirsiz, Allah eşqinə?
Hər şey cəhənnəm. Lap tutaq ki, elə Belarusiyadakı kimi yoldakı polisləri bizim qızlar da marçamarçla öpdülər. Sonra o binəvaların şəklini paylaşıb, məsxərəyə qoymayacağınıza, onu sevən, ya da evlənmək istəyən oğlana “qaqaş, o qız siyasi hadisələr vaxtı polisləri öpürdü, amma yenə də sən bilərsən…” deməyəcəyinizə əminsiz?
Bəylər, qərar verin! Qadın bu ölkə üçün mübarizə aparsın, ya ailəsinin dincliyi üçün? Evdə bozbaşını bişirsin, ya ölkə qazanının necə qaynamasını tənzimləsin? Sizin qarnınızı düşünsün, ya ölkə insanının gələcəyini? “Üçü birində” paketi ancaq reklamlarda olur, orda da tariflər çooox yüksək olur. Demədi deməyin…(musavat.com)



Sevinc TELMANQIZI
Çap
Low
Blue detailing on the eyelets, heel tab, and branding, and pink accents on the heel counter, the Air Max bubble on the heel, and the translucent outsole finish off this Nike Air Max 270 that will be dropping soon for $150.

 Buy Shoes Online

Komment Əlavə et