“Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömür boyu Kürün üstündən yüzlərlə dəfə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm”.Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, Kürün yatağı bir tərəfə çəkilib, dibinin cadar-cadar torpağı üzə çıxıb. Millət vəkili qeyd edib ki, Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu Kürə axıdıb. Eyni zamanda, şor su yuxarı qalxıb, 20-30 kilometrlik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb.
“Neçə müddətdir Neftçala camaatı “su” deyib, haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim dincliyimiz yoxdur. Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlamaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir.
Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvanlar, əkin sahələri bu yolla su ilə təchiz oluna bilməz. Bizim yazılarımızdan, parlamentdəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi”, – deyə S.Rüstəmxanlı əlavə edib.
Deputat söyləyib ki, son günlərdə Kürboyu bəzi nasosların dayandırılması nəticəsində çay yenidən yüksəlir:
“Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz. Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirib”.
Onun dediyinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənib:
“Bu iş iki ay ərzində tamamlanacaq. Görək, bu iki ayı necə yaşayacağıq?!”
Çap